PAKİSTANDA HAKİMİYYƏTƏ KİMİN GƏLMƏSİNDƏN ASILI OLMAYARAQ AZƏRBAYCANA OLAN DOST MÜNASİBƏT DƏYİŞMƏYƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikası Senatı xarici əlaqələr komitəsinin sədri Müşahid Hüseyn Səid iyulun 7-də Milli Məclisdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşdür.
Qrupun rəhbəri, Milli Məclisin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov Azərbaycan parlamentinin fəaliyyəti, beynəlxalq əlaqələr və qanunların hazırlanması mexanizmi barədə ətraflı məlumat vermişdir. O demişdir ki, dünyanın inkişaf etmiş ölkələri ilə dostluq əlaqələri qurmaq Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətlərindəndir. Milli Məclis də bu işdə dövlətə yaxından kömək göstərir, xarici ölkələrin parlamentləri ilə əlaqələr qurur, münasibətləri daha da genişləndirir. E.İbrahimov Azərbaycanın Pakistanla münasibətlərinin hərtərəfli genişlənməsində maraqlı olduğunu vurğulamış və qarşılıqlı səfərlərin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı aparılmış danışıqlar, imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin inkişafı üçün möhkəm hüquqi baza və geniş imkanlar yaratmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyinə və bu məsələyə verdiyi dəstəyə görə Pakistan rəhbərliyinə minnətdarlıq etmişdir.
E.İbrahimov zəlzələdən ziyan çəkmiş pakistanlılara Azərbaycan dövlətinin yardımı, Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda 500 yerlik qızlar məktəbinin tikildiyini, bu cür yardımların bundan sonra da davam edəcəyini bildirmişdir.
Müşahid Hüseyn Səid Azərbaycana səfərdən məmnun qaldığını bildirmiş və bu cür səfərlərin əlaqələrimizin inkişafına təkan verdiyini vurğulamışdır. O demişdir ki, Pakistan dövləti və xalqı da Azərbaycanla əlaqələrin hərtərəfli inkişafında maraqlıdır. Pakistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq Azərbaycana olan dost münasibət dəyişməyəcəkdir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz də dəyişməz qalacaqdır. Azərbaycana gəlmiş nümayəndə heyətinin tərkibində Pakistanın bütün əyalətlərini təmsil edən əsas 5 siyasi partiyanın nümayəndəsi vardır. Siyasi mənsubiyyətimizdən asılı olmayaraq onlar da bu fikirdədirlər.
Qonaq demişdir ki, Pakistan Senatı Azərbaycan ilə münasibətləri daha da genişləndirmək və möhkəmləndirmək üçün bir sıra tədbirlər nəzərdə tutmuşdur.
Müşahid Hüseyn Səid Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Pakistana rəsmi səfərini məmnunluqla xatırlamış, onun növbəti seçkilərdə də qələbə qazanacağına ümidvar olduğunu bildirmişdir.
######
