DÜNYA
Pandemiya qeyri-leqallara mane olmur
![Pandemiya qeyri-leqallara mane olmur](/files/2020/2/1200x630/15886068592157363865_1200x630.jpg)
Budapeşt, 4 may, AZƏRTAC
Hər il Avropaya minlərlə qeyri-leqal işçi gəlir. Onların bir qismi uzun müddət sənədlərini rəsmiləşdirir və arayış toplayır, digər qismi riskə gedib burada qeyri-leqal qalırlar. Onlar qeyri-leqal işə girib hakimiyyət tərəfindən aşkar ediləcəklərinin qorxusu ilə yaşayırlar.
AZƏRTAC xəbər verir ki, son illərdə Macarıstanda da qeyri-leqalların sayı artıb. Onları ölkədən hətta pandemiya sıxışdırıb çıxara bilməyib. Bir çoxları ölkədə xəlvəti qalaraq, işə qayıtmaq üçün məhdudlaşdırıcı tədbirlərin ləğv edilməsini gözləyirlər. Macarıstanda qeyri-leqallar çox vaxt xidmət sahəsində - restoran və kafelərin mətbəxlərində, tikintidə çalışır, yaxud otellərdə süpürgəçi işləyirlər. Bəli, hazırda həmin obyektlər bağlıdır, amma axı karantin də daim deyil.
Əcnəbi işçilərin qeyri-leqal məşğulluğu Macarıstan iqtisadiyyatına böyük ziyan vurur. Axı onlar vergi ödəmir və qanuna itaət edənlər arasında işsizliyin sayını artırırlar. Macarıstanda qeyri-leqal məşğulluğa gömrük, miqrasiya və məşğulluq xidmətləri tərəfindən nəzarət edilir, lakin problemi aradan qaldırmaq asan deyil.
Əgər adıçəkilən xidmətlər macar işəgötürənin yanında qeyri-leqalın işlədiyini aşkar etsələr, onda həm işəgötürəni, həm də işləyəni sanballı cərimə gözləyir. Cərimənin məbləği 500 min avroya çata bilər. Cərimə ödənilmədikdə onları həbsxana gözləyir.
Gömrük nümayəndələri bildirirlər ki, Macarıstanda əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq sənədlər olmalıdır. Əks halda nəticələr həm qeyri-leqal, həm də işəgötürən üçün acınacaqlı ola bilər.
Qeyd edək ki, son on ildə dünyada miqrasiya proseslərinin statistikası şok yaradır. Hətta BMT-nin sənədlərində misli görünməmiş vüsətdən danışılır. Belə olan təqdirdə, işlərin real vəziyyəti barədə nə demək olar? Bir il ərzində bütöv dövlətlərin əhalisi ilə müqayisə edilə biləcək sayda insan turizmlə bağlı olmayan məqsədlərlə Yer kürəsində kütləvi yerdəyişərək miqrasiya edir. Bu ümumdünya hərəkatının faciəli cəhəti budur ki, miqrantların böyük hissəsini məhz qeyri-leqallar (onların sayı indiyədək dəqiq müəyyən olunmayıb) təşkil edir.
Aİ də miqrasiya proseslərindən kənarda qalmayıb. Avropa Statistika İdarəsinin məlumatına görə, 2000-ci ildə Aİ-yə təqribən 680 min miqrant gəlib. Əgər leqal əsaslarla gəlmə, yaşama və işədüzəlmə insanlar üçün heç bir problem yaratmırsa, miqrasiya olunan ölkənin immiqrasiya qanununun "hərfinə" bu və ya digər şəkildə etinasız yanaşanlar (onların sayı on və yüz minlərlə ölçülür) qeyri-leqal miqrant olur və hakimiyyətin baş ağrısına çevrilirlər.
Bax bu səbəbdən qeyri-leqal miqrasiya məsələsi Avropa Şurası üçün son dərəcə aktualdır. Bu problem Avropa İttifaqının sənədlərində, alimlərin yazılarında, çeşidli məmurların, hüquq müdafiəçilərinin, siyasətçilərin və jurnalistlərin bəyanatlarında daim xatırlanır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt