Paris Skripalın zəhərlənməsində Moskvanı ittiham etmək üçün sübut gözləyir
Bakı, 15 mart, AZƏRTAC
Yelisey sarayı Baş Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Sergey Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın ünvanına ittiham səsləndirən Londonu birmənalı olaraq dəstəkləməyib.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makronun mətbuat katibi Parisin bu işə dair son mövqeyini bildirməyə hazır olmadığını deyib.
“Biz xəyali siyasətlə məşğul olmuruq. Sübutlar əldə olunan kimi qərarımızı verəcəyik”, - deyə Benjamin Qrivo vurğulayıb.
Onun sözlərinə görə, Sergey və Yuliya Skripalın zəhərlənməsi məsələsi Fransanın strateji tərəfdaşı - Böyük Britaniyaya qarşı çox ciddi fəaliyyətdir, lakin Paris cinayət işi ilə bağlı sübutları gözləmək niyyətindədir.
Bir qədər əvvəl Böyük Britaniyanın Baş naziri Tereza Mey Fransa lideri Emmanuel Makron, ABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel ilə Skripalın zəhərlənməsinə qarşı reaksiyanın koordinasiyasının vacibliyi barədə müzakirə apardığını demişdi.
Martın 14-də Tereza Mey “Skripal işi” ilə bağlı 23 rusiyalı diplomatın ölkədən çıxarılacağını və ölkəni tərk etmələri üçün onlara bir həftə vaxt verildiyini bildirib. Moskva isə öz növbəsində bu addımı “kobud təxribat” adlandırıb və Britaniyaya adekvat cavab verəcəyini açıqlayıb.
Xatırladaq ki, martın 5-də Solsberi polisi şəhərin ticarət mərkəzlərinin birinin yaxınlığında naməlum təhlükəli maddə ilə təmas nəticəsində iki nəfərin huşunu itirmiş vəziyyətdə aşkarlandığı barədə məlumat yaymışdı. Sonradan onların Baş Kəşfiyyat İdarəsinin Britaniyaya işləyən sabiq polkovniki Sergey Skripal və onun qızı Yuliya olduğu aydınlaşıb. Onların sinir-iflicedici maddə ilə zəhərləndikləri və bu maddənin Rusiya istehsalı olduğu bildirilir.