PARİSDƏ İDMANDA DOPİNQLƏ MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİR
Bakı, 27 oktyabr (AZƏRTAC). YUNESKO-nun Parisdəki baş qərargahında bu təşkilatın idmanda dopinqlə mübarizə haqqında beynəlxalq Konvensiyasının konfransı açılmışdır. Konvensiya YUNESKO-nun 2005-ci ildə baş konfransında qəbul edilmişdir.
Tədbirdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura, BMT baş katibinin idman məsələləri üzrə xüsusi müşaviri Vilfrid Lemke, Ümumdünya Antidopinq Agentliyinin sədri Con Faxi və başqaları iştirak edirlər. Ölkəmizi konfransda gənclər və idman naziri Azad Rəhimov təmsil edir.
Konfransı təşkilatın Rəyasət Heyətinin sədri Vyaçeslav Fetisov açaraq ötən iki ilin yekunları barədə hesabat vermişdir. Konfrans iştirakçıları idmanda dopinqlə mübarizənin vəziyyəti və perspektivləri, Konvensiyanın yerinə yetirilməsinə elektron nəzarət sisteminin tətbiqi məsələlərini müzakirə edəcək, İdmanda Dopinqdən İstifadənin Aradan Qaldırılması Fondunun fəaliyyətini təhlil edəcəklər.
Bundan əlavə, idmanda qadağan edilmiş substansiyaların və metodların siyahısının təsdiq olunacağı gözlənilir.
Konfransda Rəyasət Heyətinin yeni tərkibi və sədri seçilmişdir. Yeni sədr İspaniya nümayəndəsi X.Lisovetski olmuşdur. Rusiya idman, turizm və gənclər siyasəti nazirinin müavini Gennadi Alyoşin Rəyasət Heyətinin üzvü seçilmişdir.
Azad Rəhimov konfrans çərçivəsində Argentina, Çin, Rusiya, İspaniya, Kamerun və Mərakeş nümayəndələri ilə görüşmüşdür.
Konfrans oktyabrın 28-də başa çatacaqdır.