PARİSDƏKİ YIĞINCAQDA AZƏRBAYCANIN TƏCRÜBƏSİNDƏN DANIŞILMIŞDIR
Tədbirdə qurumun üzvü olan 12 ölkənin nümayəndələri iştirak etmişdir. Respublikamızı Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq təşkilatlarla əlaqələr və proqramlarla iş sektorunun məsləhətçisi Səbinə Ağamirova və “Soros” Fondunun Azərbaycandakı nümayəndəliyinin proqram direktoru Cahangir Səlimxanov təmsil etmişlər.
Mədəni paytaxtın yaradılması layihəsi artıq bir neçə ildir ki, Avropa Şurasının dəstəyi ilə həyata keçirilir. Onun əsas məqsədi Avropa Şurasının üzvü olan dövlətlərdə regionların inkişaf etdirilməsi, mədəni paytaxtların formalaşdırılmasıdır. Regionlarda mədəni sahələri inkişaf etdirməklə, insanların mədəni obyektlərə çıxış imkanlarının yaxşılaşdırılması da nəzərdə tutulmuşdur.
Layihənin digər bir məqsədi mədəni paytaxtların formalaşdırılmasında əsasən icmaların rolunu artırmaqdan, onların mədəni yaradıcılığının inkişafına hərtərəfli yardım göstərməkdən, mədəni tədbirlərdə iştirakını təmin etməkdən ibarətdir.
Layihə Avropanın bir çox ölkəsində, o cümlədən Türkiyədə, Yunanıstanda və Rusiyada artıq pilot şəklində mədəni inkişaf agentliklərinin yaradılması formasında həyata keçirilmişdir. Mədəni inkişaf agentlikləri əsasən regionlarda festivallar keçirmək, mədəniyyət abidələrini təmir etmək və digər tədbirlərlə yerli icmalara hərtərəfli yardım göstərir.
Azərbaycan nümayəndələri yığıncaqda çıxış edərək, bu sahədə ölkəmizin təcrübəsindən ətraflı söhbət açmışlar. Onlar bildirmişlər ki, Azərbaycan dövləti regionlarda mədəni inkişafa xüsusi diqqət və qayğı göstərir. Ölkə Prezidenti regionların inkişafı ilə bağlı xüsusi fərman və qərarlar vermişdir, vəziyyətlə yerindəcə tanış olmaq üçün bölgələrə müntəzəm səfərlər edir. Yeni idman kompleslərinin, parkların, müxtəlif mədəniyyət obyektlərinin istifadəyə verilməsi sayəsində bölgələrin siması tamamilə dəyişmişdir. Mədəniyyət və Turizm Nazirliyi də bu istiqamətdə fəaliyyətini genişləndirmişdir. Turizmin inkişafı ilə bağlı xüsusi turizm informasiya agentlikləri yaradılmış, mədəni abidələrin qorunub saxlanmasına diqqət artmışdır. Bəzi bölgələrdə, xüsusilə Şəki və Naxçıvanda, Bakıda mədəniyyət abidələri ətrafında müəyyən qurumlar formalaşdırılmışdır. Onlar yerlərdə əhalinin bu sahədəki fəaliyyətini dəstəkləməklə məşğul olurlar.
Azərbaycan təmsilçilərinin çıxışları xüsusi maraq doğurmuşdur.
Yığıncaqda layihənin gələcəkdə hansı istiqamətdə davam etdirilməsi ətrafında geniş fikir mübadiləsi aparılmışdır.