PARLAMENT MDB ÇƏRÇİVƏSİNDƏ DAHA BİR SAZİŞƏ QOŞULMAQ HAQQINDA QANUNU TƏSDİQ ETDİ
Milli Məclisin dekabrın 10-da keçirilmiş ümumi iclasında deputatlar ölkəmizin “Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı mübahisələrin həlli qaydası haqqında” sazişə qoşulması haqqında qanun layihəsini müzakirə etmişlər. İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov layihənin müddəaları barədə məlumat verərək bildirdi ki, MDB-nin iştirakçısı olan ölkələrin hökumət başçılarının 1992-ci il martın 20-də imzaladıqları saziş Rusiya, Qazaxıstan, Belarus və Gürcüstan parlamentləri tərəfindən təsdiq olunmuşdur. Bu sənəd Azərbaycanın MDB ölkələrindəki təsərrüfat subyektlərinin fəaliyyətinin genişləndirilməsi, mübahisəli məsələlər meydana çıxarkən onların hüquqlarının qorunması üçün böyük əhəmiyyətə malikdir. Saziş təsdiq olunduqdan sonra Azərbaycanın bu ölkələrdə təsərrüfat fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri məhkəməyə müraciət edə bilərlər, sənədi imzalamış ölkələr isə onlar üçün bərabər hüquqları təmin etməyi öhdələrinə götürürlər. Deputatların fikrincə, qanun layihəsinin qəbul edilməsi iqtisadi inkişafın sürətlənməsinə və ölkənin təsərrüfat subyektlərinin fəaliyyət sahələrinin genişlənməsinə kömək edəcəkdir.
Deputatlar “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” qanun layihəsini də nəzərdən keçirib üçüncü oxunuşda təsdiq etdilər.
İclasda “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” qanun layihəsinin birinci fəsli də ikinci oxunuşda müzakirə olundu. Sənəd bütünlükdə növbəti iclasda təsdiq ediləcəkdir.