PARLAMENT XƏBƏRLƏRİ
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün dekabrın 8-dən 12-dək Parisdə səfərdə olacaqdır.
İclasda Belorus üzrə Yardımçı komitənin məlumatı dinləniləcək, Balkanlarda, Çeçenistanda vəziyyət, Avropa Birliyi ilə əlaqələrin genişləndirilməsi, təşkilatın qış sessiyasına hazırlıq işlərinin gedişi ilə bağlı fikir mübadiləsi aparılacaqdır.
X x x
Milli Məclisin deputatları Nairə Şahtaxtinskaya, Asim Mollazadə və Bəxtiyar Əliyev Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin dekabrın 11-də Parisdə keçiriləcək iclasında iştirak edəcəklər.
İclasda Türkiyə parlamentinə seçkilər, Ukraynada vəziyyət, Bosniya və Hersoqovina üzrə məruzəçilərin təyin edilməsi, monitorinq prosesinin gedişinə dair illik hesabat məruzəsinin layihəsi və digər məsələlər müzakirə olunacaqdır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov da iştirak edəcəkdir.
X x x
Milli Məclisin deputatı Siyavuş Novruzov Böyük Britaniyanın “Links” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə keçiriləcək seminarda iştirak etmək üçün Londonda səfərdədir.
Seminarda Cənubi Qafqazla Avropa arasında əməkdaşlıq, siyasi, iqtisadi və hüquqi sahələrdə Avropa təsisatlarına inteqrasiya prosesinin gedişi, regionda ictimai-siyasi vəziyyət və digər məsələlər müzakirə olunacaqdır.
Səfər dekabrın 10-da başa çatacaqdır.
Milli Məclisin
mətbuat xidməti