Pauerliftinq üzrə Azərbaycan çempionatında yüzdən çox idmançı mübarizə aparıb
Bakı, 30 sentyabr, AZƏRTAC
“AAAF Park” yaşayış kompleksində pauerliftinq üzrə Azərbaycan çempionatı keçirilib.
“Zirvə” Abşeron idman klubundan AZƏRTAC-a bildiriblər ki, çempionatda 105 atlet gücünü sınayıb.
Ağırlıqqaldıranlar üç növdə - pauerliftinq, dedlift və benç-pressdə medallar uğrunda yarışıblar. Atletlər 12 çəki dərəcəsində qalibləri müəyyən ediblər. İdmançılardan 56-sı qızıl, 29-u gümüş, 16-sı bürünc medala sahib olub. Pauerliftinqçilər arasında mütləq çempionlar və komanda birinciliyində qaliblər də müəyyən edilib.
Artıq ikinci ildir təşkil olunan turnirdə gərgin idman mübarizəsinin aparılmasının əsas səbəblərindən biri də yarışın noyabrın 9-14-də Portuqaliyada keçiriləcək dünya çempionatına seçmə xarakter daşıması olub. Çünki bu çempionatda fərqlənən idmançılar əsas turnirə vəsiqəni təmin ediblər.
Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev çempionatın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.