PAYIZLIQ ƏKİN ÜÇÜN YALNIZ KEYFİYYƏTLİ TOXUM
Kuban taxılçıları ilə əməkdaşlıq sayəsində bu mövsümdə Azərbaycanda payızlıq əkin sahələrinin xeyli hissəsinə yalnız yüksək keyfiyyətli toxum səpiləcəkdir.
“Aqrolizinq” ASC şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Krasnodar diyarındakı Lukyanenko adına Əkinçilik İnstitutunun təsərrüfatlarından Azərbaycana birinci reproduksiyalı taxıl daxil olmağa başlamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə görə səpin materialı respublikamızın həm dövlət, həm də özəl toxumçuluq təsərrüfatlarında payızlıq arpa və buğda yetişdirilməsi üçün nəzərdə tutulmuşdur. Məşhur Kuban buğdası ilə dolu vaqonlar ayın əvvəlindən etibarən ölkəmizə gəlir. Axırıncı partiya Azərbaycana oktyabrın 16-da gətiriləcəkdir.
Mətbuat xidmətinin rəhbəri Fuad Xəlilov demişdir ki, əkinçilər “Aqrolizinq”in filialının regional bazasından 190 ton məhsuldar “Nota” buğda sortunun toxum materialını almışlar. Bu material əsasən Cəlilabad rayonunun taxılçılıq təsərrüfatları arasında paylanmışdır. Saatlıdakı filiala isə yüksək məhsuldarlığı ilə seçilən 63 ton “Pamyat” növündən olan buğda göndərilmişdir. Ağdamdakı filialın ünvanına birinci reproduksiyalı 82 ton “Krasnodarskaya-99” buğda sortu göndərilmişdir.
Toxum materialının paylanması Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qaydalar əsasında həyata keçirilir. Yerlərdə “Aqrolizinq” şirkətinin filialları nəzdində yaradılmış komissiyalar işləyir. Onlar taxılçılıq təsərrüfatlarında müvafiq monitorinq keçirəndən sonra onlara məsləhətlər verirlər. Xatirladaq ki, buğda istehsalını artırmaqda kəndliləri maraqlandırmaq məqsədi ilə buğda toxumunun dəyərinin yarısı dövlət tərəfindən ödənilir. Görülən tədbirlər ölkə təsərrüfatlarının bu sahənin səmərəliliyinin artırılmasına, toxum materialının xaricdən gətirilməsindən asılılığı azaltmağa imkan verəcəkdir.