Paytaxtda “KamAZ” idarəetmədən çıxaraq qaz tənzimləyici şkafa çırpılıb və qurğunu yararsız hala salıb
Bakı, 14 aprel, AZƏRTAC
Paytaxtda “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq qaz tənzimləyici şkafa çırpılıb və qurğunu yararsız hala salıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, aprelin 14-ü saat 11:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, döngə 1 ünvanında baş verən avtomobil qəzası zamanı birliyin balansında olan qaz xətti və qaz tənzimləyici şkafa ciddi zərər dəyib. Belə ki, Mənzil İstismar Sahələrindən birinə məxsus məişət tullantılarının daşınması ilə məşğul olan “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq qaz tənzimləyici şkafa çırpılıb və qurğunu yararsız hala salıb. Bundan başqa 108 millimetr diametrində olan qaz xətti və 7 ədəd qaz sayğacı zədələnib. Təhlükəsizlik tədbirləri olaraq 100-dək abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.