Paytaxtın Nərimanov rayonunda qazıntı işlərinin aparıldığı ərazidə qumbara aşkarlanıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu Ziya Bünyadov prospekti 56/2 ünvanında qazıntı işləri zamanı partlayış təhlükəli əşyanın aşkarlanması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu dərhal hadisə yerinə cəlb edilib.
İlk növbədə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin olunub və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırılıb.
Pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd F-1 əl qumbarası olduğu müəyyənləşib. Qumbara zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ərazidə axtarış aparılıb, hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.