Paytaxtın Nəsimi rayonunda iki küçədə təmir işləri davam etdirilir
Bakı, 14 iyul, AZƏRTAC
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Nəsimi rayonunda 1530 metr uzunluğa malik Cəlil Məmmədquluzadə və 780 metrlik Mirəsədulla Mirqasımov küçələrinin təmiri davam edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Cəlil Məmmədquluzadə küçəsində aparılan təmir işləri həmin küçənin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 690 metrlik və Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində icra olunur.
Məlumata əsasən, Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Təmir işləri zamanı bu hissədə 1252 poqonometr səki daşı qoyulub, yolayrıcılarına 414 kvadratmetr olmaqla tamet daşları düzülüb. Hazırda küçədə köhnə asfalt-beton örtüyünün üst qatının frezlənməsi işləri aparılır. Daha sonra səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi bərpa ediləcək.
Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissəsində aparılan işlər çərçivəsində isə zəruri yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 4000 kvadratmetr səki bərpa olunub, 2066 poqonometr yeni səki daşı düzülüb. Ümumilikdə 9174 kvadratmetr sahədə təmir aparılıb, 8301 kvadratmetr əraziyə asfalt-beton örtüyü döşənib.
Təmir olunan Mirəsədulla Mirqasımov küçəsində hazırda küçəboyu zəruri yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri yerinə yetirilir. Analoji təmir işləri rayonun 350 metr uzunluğa malik Nəsib bəy Yusifbəyli küçəsində də aparılır.
Agentlik tərəfindən cari il ərzində Nəsimi rayonu ərazisində ümumi uzunluğu 1521 metr olan Nəcəf bəy Vəzirov (360 metr), Hüseynqulu Sarabski (220 metr), Mərdanov qardaşları (286 metr), Ağadadaş Qurbanov (295 metr) və Mustafa bəy Topçubaşov (360 metr) küçələri artıq təmir edilib.
2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nəsimi rayonu ərazisində 6,4 kilometr uzunluğa malik küçələrdə təmir işləri icra olunub.