Pekində epidemik vəziyyətin ağırlaşması səbəbindən karantin qaydaları sərtləşdirilib
Pekin, 22 noyabr, AZƏRTAC
Çin paytaxtında COVID-19 virusu il əlaqədar epidemik vəziyyətin ağırlaşması səbəbindən virusla mübarizə tədbirləri daha da sərtləşdirilib.
AZƏRTAC xəbər verir ki, ötən sutka Pekində 1438 yoluxma halı qeydə alınıb. Bu, pandemiya başlayandan bəri sutkalıq yoluxum sayının mindən yuxarı olduğu ilk haldır. Son günlər COVID-19 səbəbindən Pekində 3 ölüm qeydə alınıb ki, bu, Çində may ayından sonra ilk ölüm faktlarıdır. Ötən sutka Çində ümumilikdə, 28 min 127 yoluxma qeydə alınıb. Hazırda simptomlu xəstələrdən başqa, 228 mindən çox simptomsuz pasiyent karantinə cəlb olunub.
Pekinin səlahiyyətli qurumları virusla mübarizə tədbirləri çərçivəsində şəhərdə bir neçə gündür tətbiq olunan karantin tədbirlərini bir qədər də sərtləşdirib. Belə ki, paytaxtdakı bütün əyləncə və istirahət məkanları, o cümlədən parklar, muzeylər, kinoteatrlar, fitnes mərkəzləri bağlanıb. Bundan başqa, xidmət sektoru üzrə bəzi məkanlar, o cümlədən gözəllik salonları fəaliyyətini dayandırıb.
Artıq 10 günə yaxındır ki, Pekin də daxil olmaqla Çinin bir neçə iri şəhərində orta məktəblərdə dərslər distant formada təşkil olunur. Universitetlərin kampusları, istehsal müəssisələri qapalı rejimdə fəaliyyət göstərir. Kafe və restoranlarda yerində xidmətlər dayandırılıb. Səhiyyə Komitəsi ciddi ehtiyac olmadığı halda sakinlərə evlərini tərk etməməyi tövsiyə edib. Bu səbəbdən 25 milyona yaxın sakini olan Pekinin adi günlərdə izdihamlı olan küçə və yollarında sakitlik hökm sürür. Ödənişsiz qaydada fəaliyyət göstərən səyyar test məntəqələrinin sayı 5 minə çatdırılıb. Səhər saat 06:30-da açılan test məntəqələrinin qarşısında uzun növbələr yaranıb. Buna səbəb bir çox məkana girişdə son 24 saatda verilmiş testin neqativ nəticəsinin tələb olunmasıdır.
Qeyd edək ki, oktyabrın sonundan bəri Çində epidemik vəziyyət pisləşməyə başlayıb. Yoluxmaların əsas ocaqları Pekin, Quancou, habelə Cencou, Çonçin şəhərləri və Daxili Monqolustan muxtar bölgəsidir. Bəzi şəhərlərdə tam və ya məhəllələr üzrə qapanmalar tətbiq olunur. Belə ki, 19 milyon əhalisi olan Quancounun 8 rayonunda, Çinin əhali sayına görə ən iri bələdiyyəsi olan Çonçinin 11 rayonunda qapanma elan edilib. Yaşayış məntəqələrindəki riskli zonaların sakinləri üçün “evdə qal” rejimi tətbiq olunur. Quancou şəhərində yoluxanların sayının çoxalması səbəbindən 250 min yerlik modul xəstəxanaların inşasına qərar verilib.
Çin hakimiyyəti iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq, “Sıfır COVID” strategiyasında israrlıdır. Bu strategiya ölkəyə giriş-çıxışın xeyli məhdudlaşdırılmasını, yoluxma aşkarlanan yaşayış məntəqələrində sərt karantin rejiminin, o cümlədən qapanmaların, kütləvi test prosesinin tətbiqi, yoluxanların və yoluxanlarla təmasda olanların təcrid edilməsi ilə yoluxma zəncirini dayandırmağı nəzərdə tutur. Çin sərt karantin qaydalarını hələ də qüvvədə saxlayan azsaylı ölkələrdəndir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin