PENİTENİSAR SAHƏDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQDİQQƏT MƏRKƏZİNDƏDİR
Avropa Şurasının və Avropa Komissiyasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ilə ölkəmizin penitensiar sistemində islahatların aparılmasına dair həyata keçirdiyi birillik Birgə Proqramın başa çatması ilə əlaqədar, dekabrın 15-də yekun dəyərləndirmə konfransı keçirilmişdir.
Avropa Şurası, Avropa Komissiyası, BMT və digər nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı tədbiri açan Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə hərtərəfli əsaslı islahatların aparıldığını, demokratik dəyişikliklərin həyatın bütün sahələrini əhatə etdiyini, insan hüquqlarının təmin olunmasına xüsusi önəm verildiyini vurğulayaraq, dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən məhkəmə sisteminin müasirləşdirilməsinə və ədliyyə orqanlarının inkişafına yönəlmiş islahatlar və əldə edilmiş nailiyyətlər barədə məlumat vermişdir.
Bu islahatların Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü, ərazilərimizin 20 faizinin işğal edildiyi, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir şəraitdə həyata keçirildiyi diqqətə çatdırılmışdır.
Həmçinin penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülən işlər vurğulanmış, bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirildiyi yüksək dəyərləndirilərək ölkəmizin məhkəmə və ədliyyə sistemində əsaslı islahatlar aparıldığı indiki mərhələdə Avropa Komissiyası və Avropa Şurası tərəfindən penitensiar sistemə dəstək üzrə birgə proqramın təqdirəlayiqliyi və səmərəliliyi qeyd olunmuşdur.
Konfransda çıxış edən beynəlxalq təşkilatların nümayəndələri, xarici və milli ekspertlər ölkəmizdə hüquqi sahədə aparılan irimiqyaslı islahatların artıq təsirli bəhrələr verdiyini, ədliyyə sahəsində əməkdaşlığın geniş perspektivlərə malik olduğunu vurğulamış, qanunvericiliyin daha da təkmilləşdirilməsi, xüsusilə də insan hüquqları sahəsində qəbul olunmuş mexanizmlərin inkişaf etdirilməsi və tətbiqi işində əməkdaşlığı davam etdirməyə və müvafiq dəstəyin göstərilməsinə hazır olduqlarını, ölkəmizdə demokratik hüquqi islahatların insan hüquqlarının etibarlı təmin olunmasına xidmət etdiyini bildirmişlər.