Penitensiar xidmət bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbul keçirib
Bakı, 29 dekabr, AZƏRTAC
Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi ilə qəti tədbirlər görülür, əhalinin sağlamlığının və təhlükəsizliyinin qorunması məqsədilə zəruri preventiv və profilaktik işlər aparılır, kütləvi tədbirlərlə yanaşı, açıq qəbullar təxirə salınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Ədliyyə Nazirliyi üzrə 2020-ci il 10 iyun tarixli əmrə uyğun olaraq, dekabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini ədliyyə general-mayoru Orxan Qasımov tərəfindən Sumqayıt, Gəncə, İmişli və Şirvan regional ədliyyə idarələrinin yurisdiksiyasını əhatə edən rayonların vətəndaşları ilə videoqəbul keçirilib.
Qeyd olunub ki, regional ədliyyə idarələri vasitəsilə əvvəlcədən qəbula yazılmış səkkiz vətəndaşın videokonfrans şəklində müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı nazirliyin videoqəbulunda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Bölgə sakinləri pandemiya şəraitində vətəndaşların müraciətlərinin dinlənilməsinin videokonfrans şəklində təşkilindən məmnunluqlarını bildirib, onların qayğılarına həssaslıqla və diqqətlə yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.