Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,4 milyard manatlıq məhsul satılıb
Bakı, 17 dekabr, AZƏRTAC
Yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 46,3 milyon manatlıq, o cümlədən 18 milyard 851,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 16 milyard 194,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,4 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6 faiz azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,1 faiz artıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 319,3 manat və ya 2019-cu ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 3,3 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 171,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq malları alıb.
Bu ilin yanvar-noyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 16,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 faizi elektrik malları və mebellərin, 5,3 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.