Peşə və sahə assosiasiyalarının yaradılması xüsusi əhəmiyyət daşıyır
Ağcabədi, 23 noyabr, AZƏRTAC
Ağcabədi Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi ilə bağlı iclas keçirilib. İclasda Ağcabədi Rayon İcra Hakimiyyətinin, Dövlət Məşğulluq Agentliyinin rayon xidmət şöbəsinin, dövlət idarələri və ictimai xidmət təşkilatlarının həmkarlar ittifaqı rayon komitəsinin, şəhər bələdiyyəsinin, icra hakimiyyəti yanında İctimai Şuranın, Dövlət Aqrar İnkişaf Mərkəzinin, rayon baytarlıq idarəsinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyəti başçısının müavini Xətai Zeynalov çıxış edərək sahibkarların maraqlarının müdafiəsindən söz açıb, məşğulluğun artırılması, qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi və digər bu kimi işlərin həyata keçirilməsi baxımından peşə və sahə assosiasiyalarının yaradılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, maarifləndirmə işlərində ictimai şuranın, medianın da rolundan danışıb, birgə fəaliyyət göstərməyin vacibliyini qeyd edib.
Daha sonra tədbir iştirakçılarının fikirləri öyrənilib. Rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev, Qarabağ Regional Məşğulluq filialının Ağcabədi rayon xidmət şöbəsinin müdiri Toğrul Bünyadov, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov, Dövlət İşçiləri və İctimai Xidmət İşçiləri Həmkarlar Komitəsinin sədri Mehdi Əhmədov və digər çıxış edənlər rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, bununla bağlı təkliflərini bildiriblər.