İQTİSADİYYAT
“PEŞƏKAR MÜHASİBLƏRİN ETİKA MƏCƏLLƏSİ. BEYNƏLXALQ AUDİT STANDARTLARI” KİTABI AZƏRBAYCAN DİLİNDƏ NƏŞR EDİLMİŞDİR
Bakı, 25 dekabr (AZƏRTAC). Dekabrın 25-də Azərbaycan Respublikası Auditorlar Palatasında ilk dəfə olaraq dilimizə tərcümə edilərək buraxılmış “Peşəkar mühasiblərin etika məcəlləsi. Beynəlxalq audit standartları” kitabı təqdim olunmuşdur.
Tədbirdə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov bildirmişdir ki, qurum ilə Beynəlxalq Mühasiblər Federasiyası arasında 2008-ci il aprelin 21-də imzalanmış memoranduma əsasən ölkədə ilk dəfə olaraq beynəlxalq audit standartları Azərbaycan dilinə tərcümə edilərək çap olunmuşdur. Beynəlxalq audit standartlarının Azərbaycanda tətbiqi həyata keçirilən uğurlu iqtisadi strategiyadan, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasından irəli gələn bir zərurətdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Azərbaycan auditorlarına ünvanladığı tövsiyə və tapşırıqlarda, həmçinin bir sıra Dövlət proqramlarında, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”da beynəlxalq audit standartlarının ölkəmizdə tətbiqi zərurəti göstərilmiş, bu vəzifə Auditorlar Palatasına, digər əlaqədar qurumlara həvalə edilmişdir. Çox şadıq ki, bu problem artıq öz həllini tapmışdır.
Vahid Novruzov kitabın tərcümə və nəşr edilməsində əməyi olan sponsor təşkilatlara, təcrübəli auditorlara təşəkkürünü bildirmiş, beynəlxalq audit standartlarının Azərbaycanda tətbiqi sahəsində qurumun qarşısında duran vəzifələri diqqətə çatdırmışdır.
Digər çıxış edənlər nəşrin Azərbaycan dilinə tərcüməsinin əhəmiyyətindən danışaraq bildirmişlər ki, kitab ölkədə peşəkar audit kadrların hazırlanmasına böyük töhfədir.
######