Politoloq: Mina xəritələrinin alınması sülhün təmin edilməsi və dayanıqlılığı üçün vacib amillərdən biridir
Bakı, 4 iyul, AZƏRTAC
Füzuli və Zəngilanda basdırılan təqribən 92 min minanın xəritələrinin əldə edilməsi mühüm hadisədir. Biz işğaldan azad edilmiş ərazilərimizə nəzər yetirsək görərik ki, Füzuli və Zəngilan coğrafi baxımdan mühüm əhəmiyyətə malik tarixi rayonlardır. Təəssüf ki, Ermənistan mina xəritələrini uzun müddət idi Azərbaycana verməkdən boyun qaçırırdı. Prezident İlham Əliyevin apardığı rasional və uzaqgörən siyasət nəticəsində biz əvvəlcə Ağdamda, sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrini Ermənistandan aldıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov söyləyib.
Azərbaycan Prezidentinin planlı siyasət apardığını və bunun uğurlu nəticələr verdiyini bildirən politoloq deyib: “Ali Baş Komandan İlham Əliyevin əsas hədəfləri bəlli etdi. Biz görürük ki, ölkəmiz bu hədəflərə ardıcıl olaraq çatır. Baxmayaraq ki, beynəlxalq arenalarda erməni əsirlərinin qaytarılması üçün təzyiqlər edilir və bəyanatlar verilirdi, Azərbaycana qarşı başladılan informasiya hücumu uğurla dəf edildi. Nəticə etibarilə biz minalanmış ərazilərin xəritələrini Ermənistandan bir-bir alaraq öz hədəflərimizə çatmaqdayıq.
İndiki halda bizim üçün vacib məsələlərdən biri minalanmış digər ərazilərin xəritələrinin qarşı tərəfdən alınması, tezliklə delimitasiya və demarkasiya məsələlərini başa çatdırmaqdır. Həmçinin sərhədlərin dəqiqləşməsi və gələcəkdə sülh müqaviləsinin bağlanması da əsas hədəflərdəndir ki, Azərbaycanın bunlara da nail olacağına əminik”.
“Cənubi Qafqazda gedən bütün proseslər onu göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə nail olmaqdadır”, - deyən Z.Məmmədov bildirib ki, postmüharibə dövrü olsa da, Azərbaycan Ermənistanla münasibətlər çərçivəsində informasiya müharibəsi ilə qarşılaşır. Bundan əvvəlki aylarda da biz gördük ki, bəzi dövlətlərin qondarma parlamentariləri və siyasətbazları Azərbaycanın erməni əsirlərinin təhvil verilməsinin zərurəti ilə bağlı fikirlər səsləndirirlər. Hər kəsə məlumdur ki, onlar terrorçulardır. Biz isə bildirirdik ki, ermənilər əvvəlcə minalanmış ərazilərin xəritəsini verməlidirlər. Əslində, istədiyimiz kimi də oldu. Minalanmış ərazilərin xəritələri nə qədər tez verilərsə, Azərbaycan da həmin ərazilərdə infrastruktur layihələrini o qədər tez başa çatdıracaq.
“Eyni zamanda, Azərbaycan məcburi köçkünlərin həmin ərazilərə köçürülməsi prosesinə də başlayacaq. Bu, postmüharibə dövründə olduqca vacib amillərdən biridir. Ümumiyyətlə, hazırkı dövrdə minalanmış ərazilərin təmizlənməsi, növbəti ərazilərin mina xəritələrinin təhvil verilməsi, bölgədə humanitar aksiyaların sayının artırılması zəruridir. Belə işlər sülhün təmin olunması və dayanıqlılığı üçün vacib amillərdən biridir”, - deyə politoloq vurğulayıb.