DÜNYA
Polşada türkiyəli tələbə qətlə yetirilib
Vroslav, 12 mart, AZƏRTAC
Polşanın Vroslav şəhərindəki ticarət mərkəzlərinin birində türkiyəli tələbə Furkan Kocaman boğazından aldığı bıçaq zərbəsi ilə qətlə yetirilib.
AZƏRTAC xəbər verir ki, Erasmus proqramı ilə Vroslav şəhərində təhsil alan tələbəni öldürən şəxsin də Türkiyə vətəndaşı olduğu bildirilir. Hazırda o, həbsxanada saxlanılır və cinayət faktı təsdiqlənərsə ömürlük həbs cəzası alacaq.
Mərhumun ailəsi oğullarını öldürən şəxsin Türkiyədə fəaliyyət göstərən terror qruplaşmasına mənsubluğunu iddia edir. Hadisə şahidlərinin ifadəsinə görə, cinayətkar hadisəni törədərkən “bütün türklər məhv olmalıdır”,- deyə bağırırmış.
Məsələ ilə bağlı Türkiyənin Polşadakı səfirliyi də açıqlama yayıb və yerli hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq barədə məlumat verib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Vroslav