Portuqaliyada karbon neytrallığı elektrik enerjisi sisteminin tam karbonsuzlaşdırılması yolu ilə əldə ediləcək
Lissabon, 24 sentyabr, AZƏRTAC
Portuqaliya Prezidenti Marselu Rebelu di Soza Nyu-Yorkda İqlim Sammitində çıxışında bəyan edib ki, Portuqaliya üzərinə 2050-ci ilə kimi karbon neytrallığı olan dövlət öhdəliyi götürmüş ilk ölkə olub. O, dövlətləri iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə tərixəsalınmaz tədbirlər görməyə çağırıb.
Prezident deyib: “Həddindən çox vaxt itirilib. Arxayınçılıq və biganəlik artıq yolverilməzdir”.
AZƏRTAC xəbər verir ki, ötən il Portuqaliya karbonun 2050-ci ilə qədər neytrallaşdırılması üzrə Yol xəritəsini parnik qazları tullantılarının azaldılmasının uzunmüddətli strategiyası kimi qəbul və tətbiq edib. Prezident fikirlərinə aydınlıq gətirərək deyib: “Tək bir sadə səbəbə görə: çünki nə ayrı Portuqaliya, nə də ayrı planet var”.
Portuqaliya Prezidenti qeyd edib ki, 2050-ci ilə qədər karbon neytrallığı elektrik enerjisi sisteminin karbonsuzlaşdırılması, habelə karbonun meşələr və digər yaşıllıqlar tərəfindən udulması potensialının artırılması hesabına əldə ediləcək.
M.R.Soza deyib: “Gələn onillik həlledici əhəmiyyət daşıyacaq. Buna görə də biz 2030-cu ilə qədər parnik qazları tullantılarının 2005-ci illə müqayisədə 50 faiz azaldılmasına, enerji səmərəliliyini 35 faizə, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisini 80 faizə çatdırmağa, o cümlədən kömürdən istifadəni tam ləğv etməyə çalışacağıq”
Prezident bəyan edib ki, Portuqaliya elektrik enerjisi istehsalında bərpa olunan enerjini 54 faizə çatdırmağa müvəffəq olub, atmosferə karbon qazı tullantılarına görə vergi tətbiq edib, qazıntı halında yanacağa subsidiyaları ləğv etməyə və deqradasiyaya uğramış dəniz ekosistemlərinin bərpasına başlayıb.
Qeyd edək ki, 2020-ci ilin iyununda Lissabonda Portuqaliyanın və Keniyanın təşkilati dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının “Okeanlardan daha dayanıqlı istifadə istiqamətində səylər” mövzusunda konfrans keçiriləcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon