DÜNYA
Prezident Ərdoğan: “TEKNOFEST” Türkiyənin qürur mənbəyidir
Adana, 5 oktyabr, AZƏRTAC
Gənclər ölkəmizin ümid mənbəyi olan “Türkiyə əsrinin” memarı olacaqlar. Əminəm ki, “TEKNOFEST” Aviasiya, Kosmonavtika və Texnologiya festivallarının iştirakçıları arasında gələcəyin alimləri, dizaynerləri, memarları, mühəndisləri, müəllimləri olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü, oktyabrın 4-də Adanada onuncu “TEKNOFEST” festivalının iştirakçıları qarşısında çıxışı zamanı deyib.
Prezident gəncləri heç bir halda arzularından vaz keçməməyə çağırıb: “Səbirli olmaq, öz gücünə inanmaq vacibdir. O zaman istədiyinə nail olacaqsan”.
Ərdoğan qeyd edib ki, “TEKHNOFEST” festivalının populyarlığı ildən-ilə artır. “Əgər 2018-ci ilin ilk festivalında 4333 komandanın iştirakı ilə 14 kateqoriya üzrə yarışlar keçirilirdisə, bu il rəqabət zonalarının sayı 50-yə, komandaların sayı isə 790 minə çatıb. Adanada keçirilən “TEKNOFEST” festivalında iştirakçıların ümumi sayı rekord həddə - 1 milyon 650 min nəfərə yüksəlib”, -deyə Türkiyə lideri bildirib.
Dövlət başçısı “TEKNOFEST” festivallarını “Türkiyənin qürur mənbəyi” adlandırıb.
O, bildirib ki, son 22 ildə Türkiyənin inkişafında güclü sıçrayış edilib və artım templərini qoruyub saxlamaq daha çox gənclərdən asılıdır.
Ərdoğan əlavə edib: Türkiyədə ÜDM tarixdə ilk dəfə olaraq 1,1 trilyon dolları ötüb. Müdafiə sektorunda idxalı əvəzləmə səviyyəsi 80 faizə çatıb. Modern Türkiyə PUA ixracatında dünyanın üç liderindən biridir. Ölkədə 1328 inkişaf və tədqiqat mərkəzi var, 22 il ərzində texnoparkların sayı 2-dən 104-ə yüksəlib, layihə mərkəzlərinin sayı artıq 332 olub. Müasir Türkiyə nəinki ən son texnoloji inkişaflardan fəal istifadə edir, həm də sualtı qayıqlar, zirehli texnikalar, təyyarələr, helikopterlər, döyüş gəmiləri və hücum PUA-ları da daxil olmaqla ən müasir məhsulları istehsal edən və fəal şəkildə ixrac edən ölkəyə çevrilib”.
Prezident qeyd edib ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları dünyanın 50-dən çox ölkəsində istifadə olunur. “Dünən bizə müdafiə təyinatlı məhsulları satmaqdan imtina edən ölkələr indi Türkiyənin hərbi-sənaye kompleksindən məhsul alırlar”, -deyə Türkiyə lideri bildirib.
Onun sözlərinə görə, kibertəhlükəsizliyin təmin edilməsi Türkiyənin milli təhlükəsizliyinin qorunmasının vacib sahələrindən biri olaraq qalır.
Dövlət başçısı daha sonra bölgədəki gərginlik ocaqlarına diqqət çəkib. O bildirib ki, Ankara ədalətin tərəfdarı olmaqda və məzlum xalqları dəstəkləməkdə davam edəcək.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Adana