Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iqtisadi münasibətlər üçün yeni imkanlar yaradıb – ŞƏRH
Bakı, 24 avqust, AZƏRTAC
Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticari münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə daxil olub. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artaraq 795 milyon dollara çatıb. Cari ilin yanvar-may aylarında isə ötən ilin eyni dövrü ilə müqayisədə daha 33 faizlik artım qeydə alınıb. Bu dinamika iqtisadi əlaqələrin artıq yalnız siyasi münasibətlərin yüksək səviyyəsinə deyil, real biznes və investisiya əməkdaşlığına söykəndiyini göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli söyləyib.
O qeyd edib ki, əsas məqsəd bu artımı birdəfəlik sıçrayış kimi deyil, uzunmüddətli və dayanıqlı tendensiyaya çevirmək olmalıdır.
“Bunun üçün ilk növbədə qarşılıqlı ticarətin məhsul çeşidi genişləndirilməli, qeyri-neft sənayesi, kənd təsərrüfatı və ərzaq məhsulları, tekstil, kimya, tikinti materialları və digər sahələrdə birbaşa biznes əlaqələri gücləndirilməlidir. Digər mühüm istiqamət sənaye kooperasiyası və qarşılıqlı investisiyalardır. Azərbaycan və Özbəkistan artıq 2030-cu ilədək ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması üçün konkret fəaliyyət planı, eləcə də 2025–2027-ci illər üzrə sənaye əməkdaşlığı proqramı qəbul edib. Bu baxımdan birgə müəssisələrin yaradılması və Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin imkanlarından daha geniş istifadə edilməsi ticarətin strukturunu daha dayanıqlı edə bilər. Eyni zamanda, nəqliyyat və logistika xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın Azərbaycan üzərindən Avropa bazarlarına çıxış imkanlarının genişlənməsi, Orta Dəhlizin potensialından daha fəal istifadə edilməsi və Xəzər üzərindən yükdaşımaların artırılması iki ölkə arasında ticarətin maya dəyərini aşağı sala və tranzit müddətini qısalda bilər”, - deyə o bildirib.
E.Kərimli diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iqtisadi münasibətlər üçün də yeni imkanlar yaradıb: “Mövcud siyasi etimad, investisiya əməkdaşlığı və nəqliyyat bağlantıları nəzərə alınarsa, yaxın perspektivdə 1 milyard dollarlıq ticarət hədəfinə çatmaq kifayət qədər real görünür. Daha uzun müddətdə isə əsas hədəf sadəcə ticarətin həcmini artırmaq deyil, Azərbaycan və Özbəkistan arasında qarşılıqlı investisiyalara və istehsal kooperasiyasına əsaslanan vahid iqtisadi əməkdaşlıq zəncirinin formalaşdırılması olmalıdır”.