PREZİDENT İLHAM ƏLİYEVİN QARŞIYA QOYDUĞU VƏZİFƏLƏRİN YERİNƏ YETİRİLMƏSİ ÜÇÜN TƏDBİRLƏR NƏZƏRDƏ TUTULMUŞDUR
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, habelə şəhərin müvafiq qurumlarının rəhbərləri burada Sumqayıtdakı ekoloji vəziyyətin dəqiq xarakteristikasını və ətraflı təhlilini vermişlər.
Bildirilmişdir ki, Sumqayıt ötən əsrin 70-ci illərində keçmiş İttifaqın ekoloji baxımdan ən gərgin vəziyyətli şəhərlərindən biri sayılırdı. Ümummilli liderimiz Heydər Əliyevin bu sahədə apardığı dərindən düşünülmüş, məqsədyönlü siyasət sayəsində sonralar vəziyyət xeyli düzəlmişdir. Lakin həllini tapmamış problemlər çoxdur. Özü də şəhərdə məskunlaşan 60 mindən çox qaçqın və məcburi köçkün burada əhalinin sayını iki dəfə artırmışdır. Şəhərin onlarca hektar sahəsi bataqlığa çevrilmişdir. Üzvi sintez zavodunun tənzimləyici qurğusu tam qüvvə ilə işləmir, onun Xəzərə tökülən çirkabı təmizləməyə gücü çatmır. Sumqayıtda 1998-ci ildən fəaliyyət göstərən, məişət və sənaye tullantılarını vaxtında toplayaraq daşıyan ADES Azərbaycan-Almaniya müəssisəsinin fəaliyyəti müsbət qiymətləndirilmişdir. Hazırda zibilxana müasir tələblərə cavab verir, onun ərazisi hasara alınmış, mühafizə ilə təmin olunmuşdur. Almaniyalı həmkarlarla birlikdə tullantıların çeşidlənməsi üzrə təcrübi layihə həyata keçirilir, yaxın günlərdə isə onların emalı üçün istehsalat sahəsi yaradılacaqdır. Digər tədbirləri də həyata keçirmək nəzərdə tutulur. Məsələn, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Sumqayıtda gündəlik gücü 200 kubmetr olan təmizləyici qurğunun inşası planlaşdırılır.
Yığıncaqda prinsipial, konstruktiv söhbət getmiş, dövlətimizin başçısının ekoloji vəziyyəti yaxşılaşdırmağa dair qarşıya qoyduğu vəzifələrin tezliklə həyata keçirilməsi üçün bir sıra konkret tədbirlər nəzərdə tutulmuşdur.
Yığıncaq iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul etmişlər.