CƏMİYYƏT
Prioritet köməkçi vasitələrin siyahısının təkmilləşdirilməsi üzrə konsensus iclası keçirilib
![](/files/galleryphoto/2022/3/1200x630/16667689563435726656_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/16667689565184124377_1200x630.jpg)
![](/files/galleryphoto/2022/3/1200x630/1666768956774635504_1200x630.jpg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan hökuməti ilə əməkdaşlığı çərçivəsində ölkəmizdə Köməkçi Texnologiyalar (KT) sektorunu gücləndirmək və köməkçi vasitələrin (“reabilitasiya vasitələrinin”) təminatını yaxşılaşdırmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ÜST-nin Avropa üzrə regional ofisinin və ölkə nümayəndəliyinin dəstəyi ilə Prioritet Köməkçi Vasitələrin Siyahısının (KVS) təkmilləşdirilməsi üzrə konsensus iclası keçirib.
AZƏRTAC ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, Milli KVS-in inkişafına töhfə vermək üçün tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) nəzdində olan müvafiq qurumlar, Azərbaycan Gözdən Əlillər Cəmiyyəti, Azərbaycan Karlar Cəmiyyəti, Əlillər Təşkilatları İttifaqı, “Müstəqil Həyat” Əlillər Mərkəzi və digər qeyri-hökumət təşkilatlarını təmsil edən 36 mütəxəssis iştirak edib.
Tədbirin əsas nəticəsi Nazirlər Kabinetinin qərarı ilə təsbit edilmiş və hal-hazırda əlilliyi olan şəxslərə dövlət hesabına təmin olunan reabilitasiya vasitələrinin siyahısındakı məhsullara baxış keçirmək və onların yenidən təsnifləşdirilməsi ilə ÜST-nin bir sıra prioritet köməkçi vasitəsini sözügedən siyahıya əlavə etmək olub.
ÜST-nin məlumatlarına əsasən, bu gün dünyada 1 milyarddan çox insanın bir və ya daha çox köməkçi vasitəyə ehtiyacı var. İnsanların yaşlanmasını və qeyri-infeksion xəstəliklərin yayılmasını nəzərə almaqla, köməkçi vasitələrə ehtiyacı olan insanların sayının 2050-ci ilə qədər 2 milyardı keçəcəyi proqnozlaşdırılır.