Professor Cəmilə Qurbanova: Orqanizm müalicələrə reaksiya vermədiyi halda süni mayalanma qaçılmazdır
Bakı, 26 sentyabr (AZƏRTAC). Sentyabrın 26-da Bakı Ekspo Mərkəzində “BİHE” XX Azərbaycan Beynəlxalq səhiyyə sərgisi çərçivəsində “Mamalıq, ginekologiya və neonatoloqiya sahələrində müasir diaqnostika və müalicə metodları” adlı konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda tibb elmlər doktoru, professor Cəmilə Qurbanova mövzu barədə ətraflı məlumat verdi. Ölkəmizdə səhiyyəyə göstərilən diqqət və qayğıdan danışan C.Qurbanova süni mayalanma metodları haqqında ətraflı danışdı. Bildirildi ki, orqanizm müalicələrə reaksiya vermədiyi halda süni mayalanma qaçılmazdır. Bu, daha çox yaşı 30-dan yuxarı olan qadınlara tövsiyə olunur. Lakin istisna hallar da ola bilər. Yəni, qadında hamilə qalmağa mane olan hər hansı bir patologiyanın aşkarlanması yaş amilini aradan qaldıra bilir. Buna müayinələrin nəticəsi olaraq qərar verilir.
Daha sonra Azərbaycan Tibb Universitetinin mamalıq-ginekologiya kafedrasının nümayəndəsi Ülviyyə Məlikova “Doğuşun xüsusiyyətləri”, tibb elmlər doktoru Leyla Rzaquliyeva “Uşaqlıq boynu xərçənginin profilaktikası” mövzusunda məruzələrə çıxış etdilər.
Xaricdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə keçən konfrans ginekologiya sahəsinin müxtəlif istiqamətləri ətrafında müzakirələrlə davam etdi.