Professor: Türk dövlətlərinin ensiklopedik illüstrativ lüğətinin hazırlanmasına başlanılıb
Bakı, 13 may, AZƏRTAC
Hazırda türk dövlətləri arasında böyük bir konsolidasiya prosesi gedir. Bu siyasi prosesdir. Odur ki, elm sahəsi də buna xidmət etməlidir. Təsəvvür edin ki, hər bir türk dövlətinin öz terminologiyası mövcuddur. Bu isə müxtəlif nazirliklər və qurumlar arasında anlaşılmazlıqlara səbəb ola bilər. Doğrudur, bəzi terminlər bir-birinə çox yaxındır, lakin elə terminlər də var ki, aralarında ciddi fərqlər mövcuddur. Buna görə də vahid terminologiyanın formalaşdırılması yalnız elm və təhsil baxımından deyil, eyni zamanda, icra strukturlarının əməkdaşlığı, müqavilələrin bağlanması və ətraf mühitin qiymətləndirilməsi proseslərində də olduqca mühüm əhəmiyyət daşıyır.
Bunu AZƏRTAC-a açıqlamasında professor Elman Yusifov deyib.
Türk dövlətlərinin coğrafiyasının çox geniş olduğunu bildirən E.Yusifov fikirlərinə belə davam edib: “Həmin ərazi Şərqi Anadolu dağlarından başlayaraq Tyan-Şan dağlarına qədər uzanan böyük bir coğrafi məkanı əhatə edir. Bu bölgənin zəngin flora və faunası mövcuddur. Eyni zamanda, alimlərin bir araya gəlməsi və birgə fəaliyyət göstərməsi vacibdir. Lakin qarşılıqlı ünsiyyət zamanı terminoloji fərqlər müəyyən çətinliklər yaradır. Məhz bu layihə həmin problemlərin aradan qaldırılmasına xidmət edəcək. Bundan əlavə, gələcəkdə vahid dərsliklərin, vəsaitlərin və kitabların hazırlanması üçün də mühüm zəmin formalaşdıracaq. Bu, yalnız ilk addımdır və qarşıda daha geniş işlər nəzərdə tutulur. Artıq türk dövlətlərinin ensiklopedik illüstrativ lüğətinin hazırlanmasına başlanılıb. İki cilddən ibarət olacaq bu nəşrdə türk dövlətlərinin müasir təbiət əraziləri, relyef formaları, dağları, çayları, gölləri və digər cəlbedici təbiət kompleksləri ətraflı şəkildə təqdim olunacaq. Bununla yanaşı, türk xalqlarının tarixən köçəri maldar tayfalar olması nəzərə alınaraq, müxtəlif bölgələrə məxsus tarixi bitki sortları və heyvan cinsləri də həmin illüstrativ lüğətdə öz əksini tapacaq. Tarixi abidələrə də ayrıca yer veriləcək. Hazırda layihənin birinci hissəsi “M” hərfinə qədər tamamlanıb və səhifələmə mərhələsindədir. Ümid edilir ki, payızın sonuna qədər ikinci hissə də hazır olacaq. Bu layihə böyük bir başlanğıcdır. Bu, ekoloqlar üçün kiçik bir addım olsa da, Türk dünyasının ətraf mühit sahəsində əməkdaşlığı baxımından çox böyük addımdır”.
Müxbir – Göyçək Mahmudlu