Professor Xalıq Yahudov: Macarıstanın universitetləri ilə əlaqələrimizi genişləndirmək niyyətindəyik
Bakı, 1 iyun, AZƏRTAC
Macarıstanın Obuda Universitetinin və Rumıniyanın Ploeşti Neft-Qaz Universitetinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə bu ali təhsil ocağının rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov Azərbaycanın Rumıniya və Macarıstanla təhsil sahəsindəki əlaqələrindən danışıb. Qeyd edilib ki, AzTU Rumıniyanın on, Macarıstanın isə bir universiteti ilə əməkdaşlıq edir. Rəhbərlik etdiyi təhsil ocağının fəaliyyəti barədə məlumat verən X.Yahudov deyib: “Macarıstanın universitetləri ilə əlaqələrimizi genişləndrmək niyyətindəyik”.
Azərbaycanın zəngin mədəni və elmi irsə sahib olduğunu bildirən qonaqlar ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüblər. Diqqətə çatdırılıb ki, görüşün nəticəsi olaraq hər iki ölkənin universitetlərinin AzTU ilə əməkdaşlıq etməsi, o cümlədən Avropa İttifaqının “ERASMUS” proqramı çərçivəsində birgə layihələrin və qarşılıqlı səfərlərin reallaşdırılması istiqamətində addımlar atılacaq.
AzTU-nun Heydər Əliyev Mərkəzində keçirilən görüşdə qonaqlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərlə tanış olublar.
Sonda AzTU ilə Obuda Universiteti və Ploeşti Neft-Qaz Universiteti arasında əməkdaşlıq müqavilələri imzalanıb.
Hər iki müqavilədə tələbə-müəllim mübadiləsi, qarşılıqlı səfərlər, birgə konfransların təşkili, layihələrin birgə icrası və ikili diplomların verilməsi nəzərdə tutulub.