QAÇQINLAR VƏ MƏCBURİ KÖÇKÜNLƏR YENİ QƏSƏBƏLƏRDƏ MƏSKUNLAŞIRLAR
Xəbər verdiyimiz kimi, noyabrın 29-da Beyləqan rayonunda Yeni Xocavənd qəsəbəsinin təntənəli açılış mərasimi keçirilmişdir. Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma torpağında qaçqın-köçkünə çevrilən həmvətənlərimiz indi bu qəsəbədə yaşayırlar.
Mərasimdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Marqarita Kosta, “ACİP-Azərbaycan” şirkətinin icraçı direktoru Cuzeppe Korotozollo, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndəliyinin başçısı Didye Li, İtaliyanın “Eni” şirkətinin icraçı direktoru Vittorio Minkatoni, rayon ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.
Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həyatlarını qurban vermiş şəhidlərin xatirəsinə abidə ucaldılacaq meydanda keçirilən mərasimi Dövlətqaçqınkomun sədri Əli Həsənov açdı.
O vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyev Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində doğma ocaqlarından qovularaq, qaçqın-köçkünə çevrilmiş həmvətənlərimizə daim xüsusi diqqət və qayğı göstərir. Dövlətimizin başçısının Sərəncamı ilə 1998-ci il sentyabrın 17-də “Qaçqınların və məcburi köçkünlərin problemlərinin həll edilməsi haqqında” Dövlət proqramı təsdiq olunmuşdur.
Komitənin sədri bildirdi ki, Prezident Heydər Əliyevin İtaliyaya rəsmi səfəri zamanı və “Eni” şirkətinin rəhbərliyi ilə danışıqları və görüşlərində BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının həyata keçirdiyi “Azərbaycanda qaçqına və məcburi köçkünə çevrilmiş şəxslər haqqında” layihənin maliyyələşdirilməsi üçün İtaliyanın bu iri şirkətinin 2 milyon 200 min dollar məbləğində vəsait ayırması barədə razılıq əldə edilmişdi. Bunun nəticəsində Azərbaycan hökuməti, “Eni” şirkəti və BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığı arasında saziş imzalanmışdı.
Saziş həyata keçirilməyə başlandıqdan sonra birgə səylərlə 18 ay ərzində Xanlar rayonunda 253 ev tikilmiş və Beyləqan rayonunda 124 evlik yeni qəsəbə salınmışdır. Bundan əlavə, bütün lazımi kommunikasiya və sosial təyinatlı infrastruktur yaradılmışdır.
Sonra İtaliyanın ölkəmizdəki səfiri Marqarita Kosta, “Acip-Azərbaycan” şirkətinin icraçı direktoru Cuzeppe Korotozollo, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının respublikamızdakı nümayəndəliyinin başçısı Didye Li, “Eni” şirkətinin icraçı direktoru Vittorio Minkatoni çıxış edərək bildirdilər ki, doğma torpaqlarından didərgin salınmış insanların məskunlaşması üçün bu qəsəbənin tikintisi Azərbaycan hökuməti ilə onun xarici tərəfdaşlarının birgə səyləri sayəsində mümkün olmuşdur. Natiqlər vurğuladılar ki, yurd-yuvasından qovulmuş yüz minlərlə azərbaycanlının evsiz-eşiksiz qaldığı və dolanacaqdan məhrum olduğu vaxtdan bəri BMT-nin müvafiq strukturları, digər mötəbər beynəlxalq təşkilatlar və bir sıra dövlətlər bu dərin humanitar böhranın aradan qaldırılmasında Azərbaycana yaxından kömək göstərirlər.
Əcnəbi qonaqlar əmin olduqlarını söylədilər ki, Prezident Heydər Əliyevin rəhbərliyi ilə bu böhran aradan qaldırılacaq və dövlətimizin başçısının ardıcıl səyləri sayəsində Ermənistan-Azərbaycan münaqişəsi dincliklə həll edildikdən sonra insanlar, nəhayət, doğma ocaqlarına qayıdacaqlar.
Sonra Xocavənd və Beyləqan rayon icra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov, Xasay Əhmədov, habelə qəsəbə bələdiyyəsinin nümayəndələri çıxış edərək, ilk növbədə, qaçqınlara göstərdiyi diqqət və qayğıya görə respublika Prezidentinə dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər. Onlar xüsusi vurğuladılar ki, 2003-cü ilin sentyabrında keçiriləcək prezident seçkilərində yeni qəsəbənin bütün sakinləri yekdilliklə Heydər Əliyevə səs verəcəklər.
Mərasim başa çatdıqdan sonra Əli Həsənov və əcnəbi qonaqlar stasionar poliklinika ilə, məktəblə tanış oldular, yeni tikilmiş evlərin bir neçəsinə baxdılar.
X X X
Elə həmin gün baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov və əcnəbi qonaqlar Ağcabədi rayonuna gedərək, burada məskunlaşmış laçınlıların həyat şəraiti ilə tanış oldular, xahişlərini diqqətlə dinlədilər.
Xatırladaq ki, burada su təchizatı infrastrukturunun yaradılması layihəsi çərçivəsində 13 kilometrlik su kəməri çəkilmiş, artezian quyuları üçün 4 nasos, 4 transformator qoyulmuşdur. Bundan əlavə, Almaniyanın “Qranfos” şirkətinin istehsalı olan 2 güclü nasosun istifadəyə verilməsi ilə 5600 məcburi köçkün su ilə fasiləsiz təmin olunmuşdur. Ümumi dəyəri 216 min dollar olan bu su təchizatı sistemi qəbul komissiyası tərəfindən bəyənilmiş və noyabrın 20-də təhvil verilmişdir.
Fərhad Nuriyev
AZƏRTAC-ın xüsusi müxbiri
Bakı-Beyləqan-Ağcabədi-Bakı