QAÇQINLARIN PROBLEMLƏRİNİ BİRGƏ HƏLL ETMƏLİ
Xarkovda “Qaçqınların hüquqi statusu və onun dövlət orqanlarının işində həyata keçirilməsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbiri Xarkov vilayətinin dövlət orqanlarının və ictimai qurumlarının iştirakı ilə BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarı İdarəsinin (BMT QİAKİ) Ukraynadakı nümayəndəliyi və Tətbiqi Humanitar Tədqiqatlar İnstitutu təşkil etmişlər. Forumun iştirakçılarından biri, Xarkov vilayətindəki Azərbaycan-Ukrayna “Dostluq” cəmiyyətinin sədri Murad Ömərov AZƏRTAC-ın xüsusi müxbirinə demişdir ki, o, görüşdə çıxış edərək, keçmiş SSRİ ərazisində ilk qaçqınların, erməni quldur birləşmələrinin törətdiyi terror aktlarının ilk qurbanlarının meydana gəlməsi tarixindən söz açmışdır. Respublikamızın Kiyevdəki səfirliyinin ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsindən, Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün olmasından və digər məsələlərdən danışılan mətbuat üçün məlumatı “dəyirmi masa”nın bütün iştirakçılarına paylanmışdır. M.Ömərov çıxışında xüsusi vurğulamışdır ki, talenin hökmü ilə Ukraynaya gəlib çıxan azərbaycanlı qaçqınlar heç bir güzəşt istəmirlər. Bu adamların yeganə xahişi onlara leqallaşmaqda kömək göstərilməsindən, ermənilər tərəfindən işğal olunmuş Azərbaycan əraziləri azad edilənədək Ukrayna ərazisində yaşamağa icazə verilməsindən ibarətdir. Ukraynadakı qaçqınlarımız özlərini dolandırmaq iqtidarındadır və Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra doğma ocaqlarına qayıtmağa hazırdırlar. M.Ömərov həmçinin demişdir ki, BMT QİAKİ-nin Ukraynadakı nümayəndəsinin müavini Hans Şodder və Tətbiqi Humanitar Tədqiqatlar İnstitutunun prezidenti Mixail Buromenski onunla söhbətində Azərbaycan qaçqınlarının problemini ayrıca müzakirə etmək istədiklərini bildirmişlər. Zeynal Ağazadə AZƏRTAC-ın xüsusi müxbiri Kiyev.