“Qadın və qızlara qarşı zorakılıqla mübarizə” mövzusunda ictimai müzakirələr keçirilib
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) və “Gender Talks” təşəbbüs qrupunun birlikdə reallaşdırdığı “Qadın və qızlara qarşı zorakılıqla mübarizə” mövzusunda uzunmüddətli ictimai müzakirələr silsiləsindən ilk ictimai görüş keçirilib.
AZƏRTAC NAYORA-nın saytına istinadla xəbər verir ki, görüşün əsas məqsədi qadın və qızların cəmiyyətdə rolunun artırılması, onlara qarşı cinsi, fiziki, iqtisadi və psixoloji zorakılığın qarşısının alınması istiqamətində təkliflər irəli sürmək və müzakirələr aparmaq, o cümlədən bu mövzularda qadınların səsinin eşidilməsinə dəstək olmaq və cəmiyyətin məsələ ilə bağlı məlumatlılığını artırmaq olub.
İctimai müzakirələr silsiləsinin ilk ictimai görüşü gender bərabərliyi üzrə mütəxəssis və pedaqoq Zümrüd Cəlilovanın (Huttonun) təqdimatında və gənclərlə iş sahəsində ekspert Məryəm Məcidovanın moderatorluğu ilə keçirilib.