QADINA QARŞI ZORAKILIQ PROBLEMİ MÜZAKİRƏ OLUNMUŞDUR
Dekabrın 7-də Qadın Problemləri üzrə Dövlət Komitəsi, Odlar Yurdu Universiteti, “Parlament” qadınlar ictimai birliyi və Azərbaycan gənc hüquqşünaslar birliyinin təşəbbüsü ilə Qafqazda Gender zorakılığı əleyhinə “16 günlük aksiya” çərçivəsində birgə konfrans keçirilmişdir. Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva qeyd etdi ki, 1989-cu ildə mühəndis treninqlərində iştiraka görə kanadalı 14 tələbə qız qətlə yetirildi. Bu dəhşətli amansızlıq qadına qarşı zorakılıq əleyhinə “16 günlük aksiya”nı meydana gətirdi. Bu qlobal kompaniyada hər il 100-dən artıq ölkədə 1000-dən çox təşkilat iştirak edir. Zorakılığın müxtəlif formaları var. Onun ən amansızı müharibədir. Azərbaycan xalqı, azərbaycanlı analar müharibə zorakılığına məruz qalıblar. Biz də öz haqq səsimizi qaldırmalıyıq. Qaçqın düşmüş, girov götürülmüş qadınlarımızın problemlərini beynəlxalq aləmə çatdırmalıyıq.
Milli Məclisin deputatı Məlahət Həsənova qadını ailədə, cəmiyyətdə və hətta dövlət səviyyəsində müdafiə edən beynəlxalq konvensiyanın və qanunvericilik praktikasının yenicə həyata keçirilməyə başlandığını və Gender zorakılığının beynəlxalq problem olduğunu diqqətə çatdırdı.
BMT-nin Azərbaycanda insan hüquqları üzrə komissarı xanım Branka Şesto bu il Gender zorakılığı əleyhinə “16 günlük aksiya”nın insan alverinə qarşı keçirildiyini söylədi. Çünki hər il minlərlə insan bu cinayətin qurbanına çevrilir. BMT-nin statistikasına görə, bu qurbanların əsas hissəsi qadın və uşaqlardır.
Konfrans məruzələr ətrafında çıxışlarla başa çatdı.