İDMAN
Qadınlar arasında voleybol yarışlarının finalında Türkiyə və Polşa milliləri qarşılaşacaq
Bakı, 25 iyun, Pərvanə Rəhimova, AZƏRTAC
İyunun 25-də “Baku Crystal Hall”da qadın voleybolçular arasında yarışların yarımfinal mərhələsi keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ən maraqlı qarşılaşması Türkiyə və Azərbaycan milli komandaları arasında olub. İdman mütəxəssislərinin erkən final adlandırdıqları oyunda azarkeşlər gərgin idman mübarizəsinin şahidi olublar. Görüşdə Türkiyə voleybolçuları 3:2 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıblar. Oyunda ilk set türkiyəli voleybolçuların 25:21 hesablı üstünlüyü ilə başa çatıb. İkinci setdə daha inamlı oynayan Azərbaycan voleybolçuları 25:23 qalib gələrək ümumi hesabı bərabərləşdiriblər - 1:1. Üçüncü setdə türkiyəli voleybolçular üstün olublar - 19:25. Dördüncü setin əvvəlində Azərbaycan voleybolçuları hesabda geridə olsalar da, sona doğru böyük əzmkarlıq nümayiş etdirərək 25:23 qalib gəliblər. Görüşün taleyi tay-brekdə həll olunub. Həlledici setin sonunda üstünlüyü ələ alan Türkiyə idmançıları görüşü qələbə ilə başa vura biliblər - 15:11
Məğlubiyyətə baxmayaraq, Azərbaycan voleybolçularının inamlı oyunu xoş təsir bağışlayıb. Görüşün ən məhsuldar hücumçusu Polina Rəhimova olub. O, komandamıza 34 xal qazandırıb.
Yarımfinala vəsiqə qazanan digər komanda isə Polşa yığması olub. Polşalı voleybolçular gərgin keçən qarşılaşmada Serbiya millisi üzərində 3:2 (25:23, 20:25, 25:19, 22:25 və 15:12) hesabı ilə qələbə qazanıblar.
Beləliklə, Azərbaycan və Serbiya milliləri bürünc, Türkiyə və Polşa voleybolçuları isə qızıl medallar uğrunda yarışacaqlar.
Üçüncü yer uğrunda oyun iyunun 27-də, final görüşü isə iyunun 28-də keçiriləcək.