Qafqaz Universitetinin təşkilatçılığı ilə “Universitet-İş dünyası əlaqələri” mövzusunda “dəyirmi masa” keçirilmişdir
Bakı, 15 noyabr (AZƏRTAC). Qafqaz Universitetinin təşkilatçılığı ilə “Universitet-iş dünyası əlaqələri” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
Qafqaz Universitetindən AZƏRTAC-a bildirmişlər ki, 20 universitetdən olan prorektorların, dekanların, kafedra müdirlərinin, mütəxəssislərin iştirak etdikləri tədbirdə bu ali məktəbin rektoru, professor Əhməd Saniç mövzunun əhəmiyyətindən danışmışdır.
Çıxış edən nümayəndələr universitet-iş dünyası əlaqələrinin ali təhsil müəssisələrinin ən mühüm məsələlərindən biri olduğunu söyləmişlər. Təklif edilmişdir ki, müvafiq sahədə uğur qazanmaq üçün universitetlər arasında əlaqələrin genişləndirilməsi zəruridir.
Qeyd olunmuşdur ki, universitetlərin maddi-texniki bazaları daha da möhkəmləndirilməli, iş dünyası mərkəzləri təkmilləşdirilməli və qarşılıqlı təcrübə mübadiləsi imkanları artırılmalıdır.
Eyni zamanda vurğulanmışdır ki, iş dünyası daha yaxşı kadr istəyirsə, universitetlər ilə daha geniş əməkdaşlıq etməli, tələbələrə təcrübə sahəsində şərait yaratmalı, yaxşı oxuyan tələbələrə təqaüd proqramları üçün vəsait ayırmalı, doktorantların dissertasiya işlərinin seçilməsi, araşdırmaların aparılması proseslərinə daha çox qatılmalıdır.