Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin beynəlxalq əlaqələri genişlənir
Bakı, 21 aprel, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Sankt-Peterburq Musiqi Liseyinin müəllim və şagirdlərinin konserti olub.
Konsertdən sonra Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi ilə Sankt-Peterburq Musiqi Liseyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq Musiqi Liseyinin nümayəndə heyəti aprelin 19-20-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində konsert verib və ustad dərsi keçirib. Nümayəndə heyətinə beynəlxalq müsabiqələrin laureatları - liseyin müəllimləri və şagirdləri daxildir.
Aprelin 20-də Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəbində konsert olub. Konsertdən sonra fortepiano üzrə ustad dərsi keçirilib.
Sankt-Peterburq Musiqi Liseyi 1995-ci ilin dekabrında Rusiyanın Şimal paytaxtının Tsentralnaya rayonunun 12 nömrəli musiqi məktəbinin bazasında yaradılıb. Tədrisin strukturuna görə uzun müddət bu liseyin Rusiyada analoqu olmayıb və o, dəfələrlə Sankt-Peterburqun ən yaxşı təhsil ocağı sayılıb.
Liseyin əsas vəzifəsi xüsusi musiqi istedadı olan uşaqları üzə çıxarmaq, onların peşəyönümlü təhsilini ibtidai və orta siniflərdə müəyyənləşdirmək, habelə musiqi kolleclərində və ali məktəblərində təhsillərini davam etdirmələrinə hazırlamaqdır. Uşaqlara musiqi savadının, musiqi mədəniyyətinin əsaslarının öyrədilməsi və onların yaradıcılığının inkişaf etdirilməsi məktəbəqədər bölmədə üç yaşından başlayır. Uşaqlar beş yaşında müxtəlif musiqi alətlərində çalmağa başlayırlar. Bu zaman onların fərdi qabiliyyətləri nəzərə alınır.
Liseyin şagirdləri Sankt-Peterburqun konsert məkanlarında konsert praktikasına yiyələnirlər. Hər il liseyin musiqi kollektivləri və ən yaxşı şagirdləri konsert praktikası keçmək üçün Avropa ölkələrinə yollanırlar. Liseyin fəaliyyət göstərdiyi illər ərzində onun iştirakçıları Almaniya, Fransa, İtaliya, Danimarka, İsveç, Finlandiya, Çexiya, Norveç, İsveçrə və digər ölkələrdə dəfələrlə konsert veriblər.
Liseyin, demək olar, bütün məzunları Rusiyanın və dünyanın müxtəlif şəhərlərinin musiqi kolleclərində, akademiyalarında və institutlarında peşə təhsilini davam etdirirlər. Şagirdlərin çoxu Ümumrusiya və beynəlxalq müsabiqələrin laureatlarıdır.