“Qarabağ” ordeni İsmayıllıda şəhidlərin ailələrinə təqdim olunub
İsmayıllı, 14 iyul, AZƏRTAC
Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalan İsmayıllı rayonundan olan gizir Fuad Taleh oğlu Nəcəfova və kiçik gizir Ramil Aydın oğlu Musayevə verilən “Qarabağ” ordeni onların ailələrinə təqdim olunub. Təqdimetmə mərasimində rayon icra hakimiyyətinin başçısı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar əvvəlcə şəhid Fuad Nəcəfovun ailəsində olublar. İcra başçısı Nahid Bağırov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində Ermənistan ordusunun darmadağın edildiyini və torpaqlarımızın azad olunduğunu diqqətə çatdırıb. O, bu tarixi qələbənin Fuad və onun kimi şəhidlərimizin qanı bahasına qazanıldığını vurğulayıb, qəhrəman oğullarımızın xatirəsinin hamı üçün əziz olduğunu söyləyib.
Qeyd edək ki, gizir Fuad Nəcəfov oktyabrın 7-də döyüşlərin qızğın çağında şəhid olub. Vətən müharibəsində qələbə münasibətilə təsis edilən ali hərbi ordenlə - “Qarabağ” ordeni ilə təltif edilib. İgid döyüşçü, habelə “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə” medalları ilə də təltif olunub.
Sonra qonaqlar şəhid Ramil Musayevin ailəsi ilə görüşüblər. “Qarabağ” ordeni ailə üzvlərinin iştirakı ilə şəhidin öz adını daşıyan yeganə övladı Ramilə təqdim edilib.
Kiçik gizir Ramil Musayev ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın azad edilməsi naminə başlanan “Dəmir yumruq” əməliyyatının ilk günlərindən mərdlik, igidlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə”, “Kəlbəcərin azad edilməsinə görə” və “Cəbrayılın azad edilməsinə görə” medallarına da layiq görülüb.
“Qarabağ” ordeni təqdim edilən hər iki şəhidin ailə üzvləri şəhidlərə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.