Qarabağ Universitetində fortepiano musiqisi axşamı
Xankəndi, 15 may, AZƏRTAC
Qarabağ Universitetinin İncəsənət fakültəsində istedadlı pianoçu Aynur Abdullayevanın “Kölgələrdən sonsuzluğa” adlı fortepiano musiqisi axşamı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert proqramında dünya musiqisinin əfsanəvi siması, macar bəstəkarı Ferens Listin əsərləri səsləndirilib. Aynur Abdullayeva dinləyicilərə F.Listin “Mephisto waltz”, “Transcendental etude”, “Spanish Rhapsody” və Lüdviq Van Bethovenin “Symphony №: 7 (II hissə. Allegretto)” əsərini Ferens List transkripsiyasında ifa edib.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov konsertin yekununda çıxış edərək, bu cür tədbirlərin gənc nəsildə klassik musiqiyə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıb və Aynur Abdullayevaya bu təşəbbüsünə görə təşəkkürünü bildirib.