Qarabağda erməni terroruna məruz qalmış tarixi abidələrlə bağlı interaktiv seminar keçirilib
Bakı, 11 avqust, AZƏRTAC
Sumqayıtda Qarabağda erməni terroruna məruz qalmış tarixi abidələrimizlə bağlı məlumatların İKT vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasına dair interaktiv seminar keçirilib.
AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, seminarın məqsədi Qarabağ ərazisində olan və münaqişə zamanı məhv edilən tarixi-mədəniyyət abidələri haqqında məlumatların dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün gənclərin informasiya texnologiyaları vasitələrindən səmərəli istifadə bacarıqlarının artırılmasıdır.
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin birgə təşkilatçılığı ilə mövcud pandemiya qaydalarına uyğun qaydada keçirilən tədbirdə beynəlxalq təlimçi Ramil Süleymanov tərəfindən mövzu ilə bağlı gənclərə ətraflı məlumat verilib. O, İKT resursları, yeni metodla yanaşmalar, Qarabağa dair yerli və xarici internet resursları, Qarabağ həqiqətlərinin yayılmasında sosial şəbəkələrin rolu mövzusunda biliklərini gənclərlə bölüşüb.
Təlimdə maraqlı müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb və fəal gənclərə sertifikatlar təqdim edilib.