Qarabağdakı xristian qəbirlərinin arxeogenetik tədqiqatlarının nəticələri məlum olub
Bakı, 22 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun direktoru dosent Fərhad Quliyev Qarabağ ərazisindən götürülmüş xristian qəbirlərinin arxeogenetik tədqiqatlarının nəticələrindən danışıb.
AZƏRTAC xəbər verir ki, Fərhad Quliyev bildirib ki, Qarabağdan götürülmüş xristian qəbirlərinə aid DNT nümunələri Türkiyə ərazisində orta əsrlərə aid erməni qəbirlərindən götürülmüş nümunələrlə müqayisəli şəkildə tədqiq edilib.
Onun sözlərinə görə, aparılan tədqiqatların nəticələri Qarabağ ərazisindən götürülmüş nümunələrin Türkiyədə orta əsr erməni qəbirlərindən əldə edilmiş DNT nümunələri ilə uyğun gəlmədiyini göstərib. Tədqiqatlarda Qarabağ ərazisindən götürülmüş xristian qəbirlərinə aid nümunələrin ayrıca genetik qrup təşkil etdiyi müəyyənləşdirilib.
F.Quliyev bildirib ki, bəzi elmi məqalələrdə də bu nəticələr öz əksini tapıb. Onun sözlərinə görə, aparılan arxeogenetik araşdırmalar Qarabağın, xüsusilə Qafqaz Albaniyasının maddi-mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
İnstitut direktoru hazırda AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının Xudavəng monastır kompleksində tədqiqatlar apardığını bildirib. O qeyd edib ki, ekspedisiyanın növbəti mərhələsində Gəncəsər monastır kompleksində də araşdırmaların aparılması nəzərdə tutulur. Vurğulayıb ki, Qarabağda Qafqaz Albaniyasının irsi ilə bağlı tədqiqatlar aktualdır və bu istiqamətdə araşdırmaların davam etdirilməsinə, eləcə də əldə olunan elmi nəticələrin geniş şəkildə təbliğinə ehtiyac var.