“Qarabağ”ın baş məşqçisi: “Tottenham”la matçımız bizim üçün böyük təcrübədir”
Bakı, 17 sentyabr, AZƏRTAC
“Tottenham”la matçımız bizim üçün böyük təcrübədir.
Bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ” və İngiltərənin “Tottenham” klubu matçından əvvəlki mətbuat konfransında deyib.
Baş məşqçi qeyd edib ki, komandamız ilk dəfə Avropa liqasında ingilis klubu ilə qarşılaşacaqdır. Rəqibin güclü olmasına baxmayaraq əlimizdən gələni edəcəyik və oyuna ciddi hazırlaşmışıq. Futbolçularımıza səmimi qəlbdən inanıram.
Q.Qurbanov diqqətə çatdırıb ki, bu oyunda biz futbol üzrə sadəcə ingilis təcrübəsini deyil, eyni zamanda ispan təcrübəsini də görəcəyik. Komandanın baş məşqçisi İspaniyada çalışıb. Bu təcrübələrin birləşməsi ilə qarşımıza çətinlik doğuran rəqibin çıxdığı sirr deyil.
“Tottenham” klubunun baş məşqçisi Maurisio Pokettinonun “Qarabağ” komandasının nailiyyətlərini yüksək qiymətləndirməsinə fikir bildirən Q.Qurbanov vurğulayıb ki, bizə qarşı olan hörmətlərinin göstəricisidir. “Tottenham” kimi güclü komandanın “Qarabağ”ı əsl rəqib kimi görməsi qarşılaşmanın maraqlı olacağından xəbər verir.
Komandamız mətbuat konfransından sonra oyundan əvvəlki son məşqinə çıxıb.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London