Qarsda keçirilən anım tədbirində Xocalı soyqırımı ilə bağlı həqiqətlərdən danışılıb
Qars, 3 mart, АZƏRTAC
Azərbaycanın Qarsdakı baş konsulluğunun nümayəndələri Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Heydər Əliyev adına Anadolu texniki-peşə liseyinin müəllim və şagirdləri ilə görüşüblər.
Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndikdən sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra faciənin dəhşətlərini əks etdirən film nümayiş olunub.
Baş konsul Nuru Quliyev Xocalı soyqırımının səbəb və nəticələri barədə ətraflı danışıb. Bildirilib ki, ümummilli lider Heydər Əliyev Xocalı soyqırımına ilk dəfə olaraq siyasi-hüquqi qiymət verib, bu qətliamın mahiyyəti barədə dünya birliyini məlumatlandırmaq və onu soyqırımı aktı kimi tanıtmaq istiqamətində əhəmiyyətli işlər görüb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində ermənilərin xalqımıza qarşı törətdikləri təcavüzlərin və cinayətlərin mahiyyəti ifşa olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qars