Qax rayonunun 46 yaşayış məntəqəsində tibbi müayinələr başa çatmışdır
Qax, 18 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən, respublikamızda fevralın 17-də başlanan əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası insanların sağlamlığının qorunmasına yönələn çox xeyirxah təşəbbüs, dövlətimizin başçısının ölkə vətəndaşlarına diqqət və qayğısının bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, bu nəcib aksiya ölkənin hər yerində olduğu kimi, Qax rayonunda da uğurla davam etdirilir. Rayon əhalisi həvəslə tibb ocaqlarına üz tutur, müayinə olunur, onlara verilmiş bu imkandan maksimum səviyyədə yararlanmağa çalışırlar.
Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Heydərova AZƏRTAC-a müsahibəsində tibbi müayinələrin gedişi barədə danışmışdır. Bildirmişdir ki, aksiya çərçivəsində indiyədək 30 minə yaxın rayon sakini, yəni nəzərdə tutulan əhalinin 73 faizdən çoxu müayinədən keçmişdir. Rayonun 59 yaşayış məntəqəsindən 46-da tibbi müayinələr artıq başa çatmışdır. Qalan yaşayış məntəqələrində də mayın 1-dək tibbi müayinələr tam başa çatdırılacaqdır.
Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadənin verdiyi məlumata görə, indiyədək müayinə edilənlərin 5355 nəfərinə ambulator müalicə təyin olunmuş, 147 nəfər stasionar müalicəyə cəlb edilmişdir. Bundan əlavə, 39 nəfər daha geniş müayinə və müalicə almaq üçün Bakı şəhərinin tibb müəssisələrinə göndərilmişdir. Müraciət edənlərin 1284 nəfərindən ümumi qan analizi götürülmüş, 697 nəfər ultrasəs, 127 nəfər flüoqrafiya, 443 nəfər elektrokardioqrafiya aparatı vasitəsilə müayinə olunmuşdur. Baş həkim aksiyanın müvəffəqiyyətlə başa çatması üçün qalan müddət ərzində də var qüvvələri ilə çalışacaqlarını bildirmişdir.
Bütün ölkə əhalisi kimi, Qax sakinləri də insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyanı çox yüksək dəyərləndirir, bu nəcib təşəbbüsə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.