Qaxda müəllimlərdən ibarət komandalar arasında voleybol turnirinin qalibləri müəyyənləşib
Qax, 2 mart, AZƏRTAC
5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qax rayonunda ümumtəhsil məktəblərinin müəllimlərdən ibarət komandaları arasında fevralın 27-də startı verilən voleybol üzrə rayon turniri başa çatıb. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru, rayon Təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 8 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax rayonu üzrə gənclər və idman sektorundan məlumat verilib.
Bildirilib ki, turnirin açılış və bağlanış mərasimlərində çıxış edənlər son illər Qax rayonunda idmanın inkişafı istiqamətində görülən işlərdən danışıblar. Qeyd olunub ki, rayonda idman infrastrukturunun yaxşılaşdırılması, müasir idman zallarının istifadəyə verilməsi, eləcə də kütləvi idman tədbirlərinin təşkili sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verir. Bu inkişafda müəllimlərin rolu xüsusilə əhəmiyyətlidir. Çünki müəllimlər məktəblərdə şagirdlərə idmana maraq aşılayan, onları sağlam və fəal həyat tərzinə istiqamətləndirən əsas nümunə və təşviqedici qüvvədir. Bu baxımdan, müəllimlərin özlərinin də idman tədbirlərində fəal iştirakı gənc nəslə müsbət örnək olmaqla yanaşı, məktəblərdə idman mühitinin daha da güclənməsinə xidmət edir.
Turnirin yekun nəticələrinə əsasən, kişilərdən ibarət komandaların yarışında “Ömür” komandası qalib gəlib. Tasmalı kənd tam orta məktəbin və şəhər 2 nömrəli məktəb-liseyin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qadınlardan ibarət komandaların yarışında isə şəhər 4 nömrəli tam orta məktəbin komandası turnirin qalibi olub.
Rayon turnirinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.