Qazax teatrında “Səsin mənəm, Xocalı!” adlı səhnə əsəri nümayiş etdirilib
Qazax, 25 fevral, Vüsalə Cənnətova, AZƏRTAC
Qazax Dövlət Dram Teatrında XX əsrin qanlı faciəsi - Xocalı soyqırımına həsr edilmiş “Səsin mənəm, Xocalı!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin də dəstəyi ilə nümayiş olunan səhnə əsərindən öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətməsindən söz açılıb. Vurğulanıb ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri bu soyqırımı cinayətinə biganə qalmamalı, Xocalı soyqırımına hüquqi qiymət verməli, hərbi cinayətkarlar layiqli cəzalarını almalıdırlar.
Müxtəlif yaş qruplarından olan tamaşaçılar tərəfindən maraqla izlənən ədəbi-bədii kompozisiya alqışlarla qarşılanıb. Səhnə əsərinin ssenari müəllifi və quruluşçu rejissoru Ceyhun Vəlizadədir. Rolları Əməkdar artist Hacı Hacıyev, Rüfət Ömər, Ceyhun Vəlizadə, Xəyalə Eminalıyeva, Zəmanə Dərviş, Aysel Əliyeva, Nəzrin Sadıqzadə, Kamil Məmmədov, Nəsimi Aşbazov ifa ediblər.