Qazaxda Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib




Qazax, 14 may, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib. Qazax Rayon İcra Hakimiyyətinin, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin və Qazax Dövlət Sosial-İqtisadi Kollecin birgə təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, valideyn-uşaq münasibətlərinin tənzimlənməsi, sağlam həyat tərzi, ekoloji düşüncə və digər mövzuları əhatə etməklə iştirakçıları maarifəndirmək olub.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə Qazax Dövlət Sosial-İqtisadi Kollecdə keçirilən tədbirdə çıxış edənlər ailənin tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir. Azərbaycan ailəsi həmişə möhkəmliliyi ilə seçilib, bu isə əsasən milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanılmasından, müasir dövrə uyğunlaşdırılmasından irəli gəlib. Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biri hesab olunur.
Tədbirdə o da vurğulanıb ki, erkən nikah - ailə anlayışı və həyatı hələ kifayət qədər dərk etməmiş, psixoloji cəhətdən ailə quracaq qədər formalaşmamış yeniyetmələr ilə bağlanan nikahdır. Bütün dünyada olduğu kimi ölkəmizdə də doğurduğu fəsadlara və cəmiyyətə vurduğu ziyana görə erkən nikah məsələsi dövrümüzün mühüm və aktual problemlərindən biri olaraq qalır. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.