Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin doğum günü qeyd olunub
Qazax, 7 aprel, Famil Quliyev, AZƏRTAC
Qazaxda böyük Azərbaycan şairi Molla Pənah Vaqifin (1717-1797-ci illər) doğum günü qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şairin adını daşıyan xatirə muzeyində keçirilən tədbirdə mədəniyyət işçiləri, şairlər, aşıqlar iştirak ediblər.
Tədbirdə muzeyin direktoru Məhruzə Hüseynova çıxış edərək M.P.Vaqifin Azərbaycan ədəbiyyatının və tarixinin inkişafındakı xidmətlərindən söz açıb.
Qeyd olunub ki, Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir. Onun yaradıcılığı Azərbaycan poeziyasının gələcək inkişafına böyük təsir göstərib.
Muzeyin bələdçisi Şamama Qocayeva, bərpaçı rəssamı Arzu Musayeva tədbir iştirakçılarına muzeyin yaranma tarixi və eksponatlar barədə ətraflı məlumat verib, şairin şeirlərini oxuyublar.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair Barat Vüsal çıxış edərək Azərbaycan tarixinə, həmçinin siyasi xadim kimi daxil olan Vaqifin taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirdiyini qeyd edib.
Sonra şairlərdən Mustafa Rasimoğlu, Mehman Nəbiyev M.P.Vaqifin Azərbaycan dilinin inkişafındakı xidmətlərindən danışıblar.
Sonda aşıqlardan Oktay Piriyev və Elvin Səfərovun saz havalarının sədaları altında şəhər 1 saylı tam orta məktəbin şagirdləri M.P.Vaqifin şeirlərini səsləndiriblər.