MƏDƏNİYYƏT
Qazaxda ədəbiyyat muzeyində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə təşkil olunub
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Qazax şəhəri Ədəbiyyat muzeyində kəlağayıdan bəhs edən ədəbi-bədii gecə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı çıxış edərək layihənin təşkili və mahiyyəti haqqında məlumat verib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona şöbəsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, ictimai birliyin sədr müavini Vüsal Sehranoğlu və digərləri çıxış ediblər.
Bildirilib ki, layihə kəlağayımızın əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı, yeniyetmə və gənclər arasında onun populyarlığını daha da artırmaqda böyük rol oynayacaq.
"Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi 2023-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Kəlağayı əlvan qıyqacı'' layihəsi çərçivəsində Bakı, Qazax, Şəki və İsmayıllı rayonlarında kəlağayıdan bəhs edən ədəbi-bədii gecələrin keçirilməsi və kəlağayı haqqında kitabın nəşri nəzərdə tutulub.