Qazaxda kitab bayramı
Qazax, 8 may, Famil Quliyev, AZƏRTAC
Qazax Rayon Mədəniyyət Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Qürurumuzsan, sərvətimizsən!” adlı kitab bayramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin əməkdaşı Məhəmməd Orucov, mərkəzi kitabxananın direktoru Solmaz Babanlı və başqaları çıxış edərək kitab bayramının məqsəd və əhəmiyyətindən danışıblar. Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən söz açılıb, ölkəmizdə kitabxana sahəsinə dövlət tərəfindən göstərilən diqqət yüksək qiymətləndirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin qayğısı sayəsində bütün sahələrlə yanaşı, kitabxanaçılıq da inkişaf etdirilib, kitabxanaların maddi-texniki bazası möhkəmləndirilib, kitab fondu latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirilib.
Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin ömür yolunu əks etdirən “Qürurumuzsan, sərvətimizsən!” adlı kitab bayramında müxtəlif başlıqlarla sərgilənən kitablarla tanış olublar.
Tədbirdə şairə Afət Telmanqızının “Məni özümdən soruş” adlı kitabının təqdimat mərasimi də keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru, yazıçı Gülzar İbrahimova oxucularla görüşdə Ulu Öndərə həsr etdiyi yeni şeirlərini oxuyub və gətirdiyi hədiyyələri fəal oxuculara təqdim edib.
1, 2, 3 saylı körpələr evi-uşaq bağçalarının körpə fidanlarının bir-birindən rəngarəng ifaları tədbirə rövnəq verib. Şəhər 4 və 5 nömrəli tam orta məktəblərin şagirdlərinin ifasında Ulu Öndərə həsr olunmuş ədəbi-bədii kompozisiya xüsusi maraqla qarşılanıb. Mədəniyyət Mərkəzinin “Göyəzən” ansamblının, “Qönçə” rəqs qrupunun, şəhər 2 saylı uşaq musiqi məktəbinin saz sinfinin şagirdlərinin ifası tədbir iştirakçılarına xoş anlar yaşadıb.