Qazaxda narkotik satan və alan şəxslər saxlanılıb
Qazax, 12 avqust, Elcan Məmmədov, AZƏRTAC
Qazax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini İlkin Budaqov saxlanılaraq polis şöbəsinə gətirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, onun üzərinə baxış keçirilən zaman heroin aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs narkotik vasitəni Xəlil adlı şəxsdən 15 manata aldığını bildirib.
Polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Xəlil Rzayev də saxlanılıb. Onun üzərindən müxtəlif bükümlərdə heroin və "patı" aşkar edilərək götürülüb.
Bundan başqa, digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayonun Ağköynək kənd sakini, əvvəllər məhkum olunmuş Kamran Osmanov saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman müxtəlif bükümlərdə heroin və marixuana aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktlarla bağlı araşdırmalar davam etdirilir.