Qazaxda partlamış-yanmış top mərmiləri aşkarlanaraq götürülüb
Bakı, 18 mart, AZƏRTAC
Qazaxda partlamış-yanmış top mərmiləri aşkarlanaraq götürülüb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) AZƏRTAC-a bildirilib ki, martın 17-də saat 15:06-da Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Agentliyə Qazax rayonu, Xanlıqlar kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Qazax rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə ərazidə yol kənarına baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 5 ədəd partlamış-yanmış top mərmisi (2 ədəd 122 millimetrlik OF-56, 1 ədəd 100 millimetrlik OF-412 və 2 ədəd 76 millimetrlik OF-350) aşkarlanıb, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmilərinin ətrafında 150 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.